Formula 1-də mövsüm sona yaxınlaşdıqca, komandalar növbəti mövsümlər üçün planlar cızır. Hətta bir neçə il qabağı görən komandalar da var.
Formula 1-də mübarizə aparan “Red Bull” qarşıdakı illərdə “Uilyams” pilotu Corc Rasselli heyətinə qata bilər. Bu barədə Almaniyanın RTL telekanalı məlumat yayıb. Məsələ ondadır ki, Avstriya komandası Saxir Qran-prisinin qalibi olan Serxio Peresi də sıralarında görmək istəyir. Amma komandada əsas söz sahibi olan Helmut Marko ilə Kristian Horner Corc Rassellin keçidində israrlıdır. Məsələ ondadır ki, Rassell hazırda “Mersedes”in gələcək layihəsinin bir hissəsidir. Yaxın vaxtlarda “Mersedes” bu pilotla müqavilə imzalamasa, “Red Bull” bundan yararlana bilər. Amma o da dəqiqdir ki, Valtter Bottasla müqavilə müddətini yeniləyən Almaniya komandası növbəti mövsüm Rassellin xidmətindən yararlanmayacaq. Belə olan məqamda “Red Bull” üçün onu “Uilyams”dan qopartmaq elə də problemə çevrilməyəcək. Xatırladaq ki, Rassell Saxir Qran-prisində “Mersedes”in heyətində debüt etdi. Corc hətta müəyyən səhvlərə yol verməsəydi, yarışı qalib kimi də başa vura bilərdi.